Sağlamlıq imkanları məhdud uşaqların valideynləri uşaqlarının çətinlikləri ilə yaxından məlumatlı olmadıqları və onların erkən diaqnostikasını həyata keçirə bilmədikləri üçün erkən müdaxiləyə baş vura bilmirlər. Bu hal da sonrakı mərhələdə uşaqların reabilitasiya prosesinin müddətinin uzanmasına və istənilən nəticənin əldə olunmasını çətinləşdirir.
Bunları nəzərə alaraq, biz valideynlərin sərbəst şəkildə öz uşaqlarının ilkin diaqnostikasını keçirməsini və bu diaqnostikaya uyğun şəkildə növbəti addımlarının planlamasını həyata keçirəcək bir tətbiqin hazırlanmasını təklif etdik və layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirildi. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması üçün onların diaqnostikasının aparılmasını, diaqnostika nəticələrinə uyğun olaraq, fəaliyyətlərin planlaşdırılması, izlənilməsi (monitorinqi), qiymətləndirilməsi və hesabatlılığın həyata keçirilməsidir.
Tətbiq vasitəsilə valideynlər uşaqlarının sərbəst şəkildə inkişafının diaqnostikasını – dəyərləndirilməsini apara biləcək, həmçinin bu tətbiq vasitəsilə çatışmazlıqları müəyyən edəcək və onları planlaşdıra biləcəklər. Tətbiq valideynlərə uşaq inkişafı ilə bağlı resurs mərkəzi funksiyasını da yerinə yetirəcəkdir. Tətbiqdə həm maarifləndirici materiallar, həm də inkişaf fəaliyyətləri həyata keçirən xidmət mərkəzləri haqqında məlumatlar yerləşdiriləcəkdir.